Almaniyanın “Ştutqart” klubu yarımmüdafiəçisi Darko Çurlinov ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, 22 yaşlı vinger İngiltərənin “Bernli” klubuna keçib.
Şimali Makedoniyadan olan futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb. “Bernli” bu transfer üçün Almaniya klubuna 3.5 milyon avro ödəyib.
Darko Çurlinov 2020-ci ildən “Ştutqart”da forma geyinirdi. O, bu komandada 25 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi ötən mövsümü icarə əsasında “Şalke”də keçirmişdi. O, daha öncə yetirməsi olduğu “Köln”də də forma geyinib, Şimali Makedoniya yığmasında da 17 oyuna 3 qol vurub.
Müdafiəçi Maksim Avuca və yarımmüdafiəçi Filip Klement də “Ştutqart”dan ayrılıb. Onlar azad agent kimi müvafiq olaraq “Ekselsior” (Niderland) və “Kayzerslautern” klublarına keçiblər.
Maksim Avuca 2019-cu ildən heyətində yer aldığı “Ştutqart”da cəmi 2 matça çıxıb. “Bayern”in yetirməsi olan 24 yaşlı futbolçu, “Türkgücü Münhen” və “Tirol” klublarının da formasını geyinib.
Filip Klement də 2019-cu ildən “Ştutqart”da idi. 29 yaşlı futbolçu bu komandada 47 oyun keçirib, 14 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniyalı futbolçu “Kayzerslautern”in yetirməsidir. O, bu klubla yanaşı, “Nürnberq”, “Hanza” (Rostok), “Maynts” və “Paderborn”un da formasını geyinib.
“Ştutqart” Vahid Faqiri (19 yaş, hücumçu) “Nordsyelland”a, Klinton Molanı (21 yaş, yarımmüdafiəçi) “Blekbern”ə, Mateo Klimoviçi (22 yaş, yarımmüdafiəçi) də “Arminiya”ya icarəyə verib. Onların hamısı bu mövsümün sonuna kimi icarədə oynayacaqlar.


