Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə A, B, C və D qrupları üzrə bütövlükdə 8 qarşılaşma baş tutub.
A qrupunda “Liverpul” “Ayaks”ın qonağı olub. İngiltərə təmsilçisi səfərdə darmadağınla qalib gələrək vaxtından əvvəl 1/8 finala adlayıb. Qrupun digər matçında “Napoli” doğma meydanda “Reyncers”i sınağa çəkib və növbəti qələbəsini rəsmiləşdirib.
B qrupunda “Portu” Belçikada “Brügge”yə böyük hesabla qalib gələrək pley-offa vəsiqəni təmin edib. Buna Madrid “Atletiko”sunun “Bayer”lə ev oyununda xal itirməsi də şərait yaradıb.
C qrupunda “İnter” Plzen “Viktoriya”sını 4 cavabsız qolla yenib. Nəticədə İtaliya təmsilçisi vaxtından öncə 1/8 finala yüksəlib. “Barselona” isə “Bayern”ə doğma meydanda uduzub. Bu nəticələrdən sonra Kataloniya təmsilçisinin qrupda qalması rəsmiləşib. İspaniya nəhəngi mübarizəni Avropa Liqasında davam etdirəcək.
D qrupunda isə “Tottenhem” doğma meydanda “Sportinq”lə bərabərə qalıb. Qrupun digər oyununda Marsel “Olimpik”i “Ayntraxt”ın qonağı olub və məğlubiyyətlə üzləşib.
Xatırladaq ki, UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu turunun oyunları gələn həftə keçiriləcək. Daha öncə İtaliyanın “Napoli”, Belçikanın “Brügge”, Almaniyanın “Bayern” və “Borussiya” (Dortmund), İspaniyanın “Real”, Fransanın PSJ, Portuqaliyanın “Benfika”, İngiltərənin “Mançester Siti” və “Çelsi” komandaları pley-off vəsiqəni təmin ediblər.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi, 5-ci tur
26 oktyabr
A qrupu
Napoli (İtaliya) – Reyncers (Şotlandiya) 3:0
Qol: C.Simeone, 11; 16. Estiqor, 80.
Ayaks (Niderland) – Liverpul (İngiltərə) 0:3
Qol: Salah, 42. Nunes, 49. Elliott, 52.
Xal: Napoli – 15 . Liverpul – 12. Ayaks – 3. Reyncers – 0.
B qrupu
Brügge (Belçika) – Portu (Portuqaliya) 0:4
Qol: Taremi, 33; 70. Evanilson, 57. Eustakio, 60.
Atletiko (Madrid, İspaniya) – Bayer (Almaniya) 2:2
Qol: Karrasko, 22. De Paul, 50 – Diabi, 9. Hadson-Odoi, 29.
Xal: Brügge – 10. Portu – 9. Atletiko – 5. Bayer – 4.
C qrupu
İnter (İtaliya) – Viktoriya (Plzen, Çexiya) 4:0
Qol: Mxitaryan, 35. Dzeko, 42; 66. Lukaku, 87.
Barselona (İspaniya) – Bayern (Almaniya) 0:3
Qol: Mane, 10. Şupo-Motinq, 31. Pavar, 90+5.
Xal: Bayern – 15. İnter – 10. Barselona – 4. Viktoriya – 0
D qrupu
Tottenhem (İngiltərə) – Sportinq (Portuqaliya) 1:1
Qol: Bentankur, 80 – Eduards, 22.
Ayntraxt (Almaniya) – Olimpik (Marsel, Fransa) 2:1
Qol: Kamada, 3. Muani, 27 – Genduzi, 22.
Xal: Tottenhem – 8. Sportinq – 7. Ayntraxt – 7. Olimpik – 4.


