“Roma” Norveç millisinin vingeri ilə gücləndi

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi Norveçin “Bodo Qlimt” klubunun yarımmüdafiəçisi Ola Solbakkeni transfer edib.

Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb. Tərəflər müddəti 2027-ci ilin 30 iyununa qədər olan müqaviləyə imza atıblar. Lakin norveçli sağ cinah vingeri yeni komandasına 2023-cü ilin 2 yanvarından etibarən qoşulacaq. Məsələ burasındadır ki, futbolçunun “Bodo Qlimt”lə mövcud müqaviləsinin müddəti bu ilin 31 dekabrına qədərdir. Onun Norveç klubu ilə sözləşməsi başa çatdığı üçün “Roma” “Bodo Qlimt”ə heç bir təzminat ödəməyəcək.

Norveçli yarımmüdafiəçi yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Ola Solbakken “Ranheym” klubunun yetirməsidir. 24 yaşlı vinger 2020-ci ildən “Bodo Qlimt”də çıxış edir. O, bu komandanın heyətində 91 oyuna çıxıb, 20 qol vurub, 24 məhsuldar ötürmə edib. Ötən ildən Norveç yığmasına da dəvət alan yarımmüdafiəçi, millidə 4 matça çıxıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: