İsko “Sevilya” ilə yollarını ayırdı

İspaniyanın “Sevilya” klubu yarımmüdafiəçisi İsko ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə Əndəlus klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Səbəb açıqlanmasa da, İspaniya mətbuatı onun klubun idman direktoru Monçi ilə ciddi münaqişə yaşadığını iddia edib.

Madrid “Real”ında 9 mövsüm keçirən İsko bu ilin yayında azad agent kimi “Sevilya”ya keçmişdi. Həmin vaxt tərəflər 2 illik müqaviləyə imza atmışdılar. O, bu komandanın heyətində meydana çıxdığı 19 oyunda 1 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.

İskonun Xulen Lopeteqinin çalışdırdığı “Vulverhempton”a keçəcəyi gözlənilir. Lopeteqi ulduz futbolçu ilə İspaniya millisi və “Real”dakı birgə işindən tanışdır.

Xatırladaq ki, İsko peşəkar karyerasına “Valensiya”da başlayıb. 2011-ci ildə bu klubdan ayrılan yarımmüdafiəçi, “Malaqa”ya transfer olunub. İki il bu komandada forma geyinən futbolçu, 2013-cü ildən 2022-ci ilin yayına kimi “Real”ın uğurları üçün çalışıb. Təcrübəli futbolçu Madrid təmsilçisində keçirdiyi 9 mövsüm ərzində 353 oyuna çıxıb, 53 qol vurub, 56 məhsuldar ötürmə müəllifi olub.

İsko “Real”ın heyətində olduğu dönəmdə 19 kubok qazanıb. O, burada 5 dəfə UEFA Çempionlar Liqasının qalibi, 3 dəfə İspaniya çempionu olub. Yarımmüdafiəçi 2013-2019-cu illər aralığında oynadığı İspaniya yığmasında 38 oyuna çıxıb, 12 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: