Futbol üzrə Uruqvay milli komandasının hücumçusu Luis Suares “Nasional” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonra karyerasını Braziliyada davam etdirəcək.
O, bu ölkənin “Qremio” klubu ilə anlaşıb. Tərəflər iki illik müqaviləyə imza atıblar. Təcrübəli hücumçu 2024-cü ilin dekabrına kimi “Qremio”da forma geyinəcək.
Xatırladaq ki, Luis Suares 2022-ci ilin iyul ayından “Nasional”ın uğurları üçün çalışırdı. Hansı ki, hücumçu məhz bu klubun yetirməsidir. O, peşəkar karyerasına da Uruqvay komandasında başlayıb. 16 illik fasilədən sonra doğma klubuna qayıdan hücumçunun karyerasını məhz burada bitirəcəyi ehtimal olunsa da, təcrübəli oyunçu fərqli qərar verib və Braziliyada da legioner həyatı yaşamaq istəyib.
Suares karyerası ərzində Niderlandın “Qroningen”, “Ayaks”, İngiltərənin “Liverpul”, İspaniyanın “Barselona”, “Atletiko” (Madrid) klublarında da forma geyinib. O, Uruqvay yığmasında 137 oyun keçirib, 68 qol vurub.


