Futbol üzrə Argentina milli komandasının sabiq yarımmüdafiəçisi Xavyer Pastore İspaniyanın “Elçe” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu bundan sonra karyerasını Qətərdə davam etdirəcək.
O, bu ölkənin eyniadlı klubu ilə anlaşıb. Bu barədə Doha təmsilçisinin rəsmi saytı məlumat yayıb. Pastore artıq Qətərə yollanıb. Onun “Qətər” klubu ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmayıb.
Xavyer Pastore 2021-ci ilin sentyabrından “Elçe”də forma geyinirdi. Lakin təcrübəli futbolçu bu komandanın heyətində cəmi 16 oyuna çıxsa da, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb. Pastore daha öncə “Talyeres”, “Urakan”, “Palermo”, PSJ və “Roma” klublarında da forma geyinib. O, Argentina millisində 29 oyuna 2 qolla yadda qalıb.


