İtaliyanın “Salernitana” komandasının baş məşqçisi Davide Nikola istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə A Seriyası klubunun rəsmi saytı məlumat yayıb.
İtaliyadan olan 49 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Ona xidmətlərinə görə təşəkkür edilib, gələcək karyerasında uğurlar arzulanıb.
Nikolanın istefasına “Salernitana”nın İtaliya A Seriyasının 18-ci turunda “Atalanta”ya 2:8 hesablı məğlubiyyəti səbəb olub. Onsuz da uğursuz çıxışı ilə diqqət mərkəzində olan komandanın belə ağır məğlubiyyətlə üzləşməsi rəhbərliyin səbr kasasını daşırıb.
A Seriyasında geridə qalan 18 turda cəmi 18 xal toplamış “Salernitana” turnir cədvəlində 20 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb. Komanda oktyabrdan bu yana qələbə qazanmayıb. O vaxtdan 6 oyuna çıxan komanda dörd görüşdə məğlub olub, ikisində isə heç-heçə edib.
Xatırladaq ki, Davide Nikola 2022-ci ilin fevralından “Salernitana”ya rəhbərlik edirdi. O, bu komandanı bütövlükdə 34 oyuna çıxarıb. “Salernitana” bu görüşlərdə 8 qələbə qazanıb, 12 heç-heçə edib və 14 məğlubiyyətə üzülüb. O, daha öncə “Torino”, “Cenoa”, “Udineze”, “Krotone”, “Bari” və “Livorno” kimi klublara da rəhbərlik edib.


