Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Rövlan Muradov “Qəbələ”də 100-cü oyununu keçirib. Arena.az xəbər verir ki, 25 yaşlı futbolçunun yubileyi Azərbaycan Premyer Liqasının 19-cu turuna təsadüf edib.
O, “Kəpəz”lə səfər qarşılaşmasının 56-cı dəqiqəsində meydana daxil olub. Muradov klub tarixinə 100 və daha çox matç keçirən 11-ci futbolçu kimi düşüb.
Rövlan Muradov bu görüşlərdə 12 qol vurub. O, Premyer Liqada 85 (10 qol), kubokda 12 (1 qol), avrokuboklarda 3 (1 qol) dəfə meydana çıxıb.
Xatırladaq ki, Muradov yetirməsi olduğu “Qəbələ”də 2019-cu il mayın 11-də debüt edib. Onun ilk rəsmi matçı Premyer Liqada “Sumqayıt”a qarşı olub.
Yeri gəlmişkən, “Qəbələ” Premyer Liqada 60-cı səfər heç-heçəsinə imza atıb. Bu, Premyer Liqada mövsümün ikinci yarısının ilk matçında gerçəkləşib. “Qırmızı-qaralar” Gəncədə “Kəpəz”lə bərabərə qalıb – 2:2.
Bu, 2006-cı ildə Premyer Liqada debüt edən komandanın 244-cü səfər sınağı olub. “Qəbələ” bu matçlarda 60-cı dəfə sülhə imza atıb. 84 dəfə rəqib meydanında qalib gələn komanda 100 dəfə səfərdən xalsız dönüb.
Xatırladaq ki, Premyer Liqada ilk səfər heç-heçəsi 2006-cı il noyabrın 11-də gerçəkləşib. Həmin gün Tovuzda “Turan”a qarşı matç qolsuz başa çatıb.


