Futbol üzrə Almaniya Bundesliqasında mübarizə “Şalke” klubu heyətini iki yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Gelzenkirxen təmsilçisi Bundesliqanın digər iştirakçısı “Union Berlin”dən Tim Skarkeni, həmçinin Fransanın “Loryan” klubundan Morits Yensi icarəyə götürüb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.
Tim Skarke “Haydenhaym”ın yetirməsidir. O, 2015-2019-cu illər aralığında məhz bu klubda forma geyindikdən sonra “Darmştadt”a keçib. “Union Berlin” Almaniyadan olan 26 yaşlı vingeri 2022-ci ilin yayında azad agent kimi heyətinə cəlb etmişdi. Yarımmüdafiəçi bu komandada cəmi 6 oyun keçirib. Skarke vaxtilə Almaniyanın U-21 yığmasında da oynayıb.

Morits Yens isə peşəkar karyerasına “Lozanna Sport”da başlayıb. Almaniyadan olan 23 yaşlı müdafiəçi 2021-ci ilin avqust ayında 3.5 milyon avro qarşılığında “Loryan”a transfer olunub. O, bu komandanın heyətində cəmi 18 matça çıxıb və 1 qol vurub. Mərkəz müdafiəçisi bu mövsümün ilk dövrəsini Şotlandiyanın “Seltik” klubunda icarədə keçirib. O, bu komandada 19 matça çıxıb və 2 qol vurub.

Yeri gəlmişkən, Morits Yensi icarəyə verən “Loryan” yarımmüdafiəçisi Kventin Busqarı da “Po” klubuna göndərib. Fransadan olan 25 yaşlı futbolçu da bu mövsümün sonuna kimi icarədə oynayacaq. Lakin onun müqaviləsində satınalma ilə bağlı şərt qoyulmayıb.
Kventin Busqar “Tuluza”nın yetirməsidir. O, bu klubda olarkən, 2018/19 mövsümündə də “Po”da icarədə oynayıb. “Loryan” yarımmüdafiəçini 2020-ci ilin iyul ayında 2 milyon avroya transfer edib. Futbolçu bu komandada 58 oyuna 4 qol vurub, 3 məhsuldar ötürmə edib.


