Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2026/2027-ci illər mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 3-cü tur çərçivəsində “Persepolis”lə qarşılaşıb.
İranlı Cavad Nekunamın çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu görüşün yekununda ilk iki turda olduğu kimi, qələbəyə seviniblər – 1:0. Təbrizlilərin qələbə qolunu Tomislav Ştrkal vurub. O, 90-cı dəqiqədə fərqlənib.
“Traktor” bu nəticədən sonra 9 xalla İran çempionatının iki şərikli liderindən biridir. “İstiqlal” da ilk üç turdan sonra maksimum nəticə ilə irəliləyir.
Cənubi Azərbaycan nəhəngi çempionatdakı növbəti matçını avqustun 28-də səfərdə “Xadormalu”ya qarşı keçirəcək. Oyuna Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.


