Futbol üzrə Nigeriya milli komandasının və Fransanın “Loryan” klubunun hücumçusu Terem Moffi Liqa 1-də iş yerini dəyişib. Arena.az xəbər verir ki, o, Fransanın digər klubu “Nitsa”ya transfer olunub.
Nitsalılar futbolçunu satınalma şərti ilə icarəyə götürüblər. “Nitsa” 6 aylıq icarə üçün “Loryan”a 2.5 milyon avro ödəyib. Yayda 23 yaşlı forvardın transfer hüquqlarının alınması üçün 22.5 milyon avro ödəmək lazım gələcək.
Terem Moffi peşəkar karyerasına Litvanın “Kauno Jalgiris” klubunda başlayıb. “Riteryay”, “Kortreyk” kimi klublarda da oynamış hücumçu 2020-ci ildə 8 milyon avro qarşılığında keçdiyi “Loryan”da 90 oyuna 35 qol vurub, 7 məhsuldar ötürmə edib. O, Nigeriya millisində də 7 oyuna 2 qol vurub.
“Nitsa” onları icarəyə verdi
“Nitsa” öz futbolçularından Morqan Şnederlenlə Andi Deloru da icarəyə verib. Şnederlen Avstraliyanın “Vestern Sidney Uonderers” klubuna, Delor isə Liqa 1-in digər təmsilçisi “Nant”a keçib. Hər iki futbolçu mövsümün sonunadək icarəyə verilsə də, Delorun müqaviləsində satınalma şərti də var.
Morqan Şnederlen karyerası ərzində “Strasburq”, “Sauthempton”, “Mançester Yunayted”, “Everton” kimi klublarda da oynayıb. Fransa yığmasının sabiq üzvü 2020-ci ildən oynadığı “Nitsa”da 59 oyuna 1 məhsuldar ötürmə müəllifi olub. 33 yaşlı dayaq yarımmüdafiəçisi Fransa millisində 15 oyun keçirib.
Andi Delor isə 2021-ci ildə “Monpelye”dən 10 milyon avro qarşılığında “Nitsa”ya keçmişdi. O, bu komandada 55 oyuna 25 qol və 5 məhsuldar ötürmə müəllifi olub. 31 yaşl futbolçu karyerası ərzində “Tuluza”, “Tiqres UANL”, “Kan”, “Tur”, “Uiqan”, “Mets”, “Ayaçço” və “Nim” klublarının da formasını geyinib. Delor Fransada anadan olmasına baxmayaraq, Əlcəzair yığmasının uğurları üçün çalışır. O, millidə 13 oyuna 2 qol vurub.
“Nant” Portuqaliyanın “Benfika” klubunun mərkəz müdafiəçisi Joao Viktoru da icarəyə götürüb. Braziliyadan olan 24 yaşlı futbolçu bu mövsümün sonunadək Liqa 1 təmsilçisində oynayacaq. “Benfika”ya 2022-ci ilin iyul ayında 9.5 milyon avro qarşılığında keçmiş futbolçu, bu komandada cəmi 3 matça çıxıb. O, daha öncə yetirməsi olduğu “Korintians”la yanaşı, icarə əsasında “İnter de Limeyra” və “Atletiko Qoyanyense” klublarının da uğurları üçün çalışıb.
“Nitsa”nın Rumıniyadan olan gənc hücumameyilli yarımmüdafiəçisi Rareş İlie də icarə əsasında İsrailin “Makkabi” (Təl-Əvivə) klubuna keçib. O, iyunun 30-dək bu komandanın uğurları üçün çalışacaq. Buxarest “Rapid”inin yetirməsi olan İlie 2022-ci ilin iyul ayında 5.5 milyon avro qarşılığında keçdiyi “Nitsa”da cəmi 8 matça çıxıb. 19 yaşlı futbolçu hazırda Rumıniyanın U-21 yığmasının uğurları üçün çalışır.


