Futbol üzrə Macarıstan milli komandasının sol cinah yarımmüdafiəçisi Kevin Varqa Türkiyənin “Hatayspor” klubundan ayrılıb. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi ilə müqaviləsini ləğv edən 26 yaşlı vinger azad agent statusu alıb.
Ayrılığa Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələdən ən çox ziyan görən klublardan biri olan “Hatayspor”un Super Liqanın qalan hissəsində iştirakdan imtinası səbəb olub. Nəticədə macar futbolçu azad agent statusu alaraq özünə yeni iş yeri axtarışına çıxıb.
Xatırladaq ki, Kevin Varqa “Hatayspor”a 2022-ci ilin avqust ayında “Kasımpaşa”dan azad agent kimi keçmişdi. O, bu komandanın heyətində meydana çıxdığı 12 oyunda cəmi 1 məhsuldar ötürmə ilə yadda qalıb. Türkiyədə daha öncə “Kasımpaşa”nın uğurları üçün çalışmış futbolçu, “Debretsen”, “Balmazuyvaroş”, “Siqand” və “Yanq Boyz”da da oynayıb. O, Macarıstan milli komandasında keçirdiyi 10 oyunda 1 qol vurub.
“Hatayspor”un Fransadan olan yarımmüdafiəçisi Mehdi Budjema isə Macarıstanın “Ferentsvaroş” komandasına icarəyə verilib. Macarlar yarım mövsümlük icarə üçün Türkiyə klubuna 100 min avro ödəyiblər. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.
Mehdi Budjema “Hatayspor”a 2021-ci ilin iyul ayında transfer olunmuşdu. 24 yaşlı futbolçu Super Liqa təmsilçisində 50 oyun keçirib, 1 məhsuldar ötürmə edib. Fransız futbolçu daha öncə ölkəsində “Genqam”, “Keviyi Ruan” və “Laval” klublarının da formasını geyinib.
Yeri gəlmişkən, “Ferentsvaroş” İtaliyanın “Sampdoriya” klubunun yarımmüdafiəçisi Simone Trimbolini də icarəyə götürüb. İtaliyadan olan 20 yaşlı futbolçu da Macarıstan təmsilçisində bu mövsümün sonuna kimi icarədə olacaq. Amma “Ferentsvaroş” gənc yarımmüdafiəçini satınalma şərti ilə heyətinə qatıb.
Simone Trimboli “Sampdoriya”nın öz yetirməsidir. Yarımmüdafiəçi bu klubun əsas komandasında cəmi 5 matç keçirib. O, İtaliyanın U-15, U-16 və U-17 yığmalarında da oynayıb.


