Papi Djilobodji “Qaziantep”i “Kasımpaşa”ya dəyişdi

Futbol üzrə Seneqal milli komandasının müdafiəçisi Papi Djilobodji Türkiyə Super Liqasında klubunu dəyişməyə qərar verib. Arena.az xəbər verir ki, “Qaziantep”də forma geyinən 34 yaşlı futbolçu “Kasımpaşa”ya keçib.

Buna Qaziantep təmsilçisinin qardaş ölkədəki dəhşətli zəlzələdən sonra bu mövsümün sonuna kimi Super Liqadan çəkilməsi səbəb olub. Bu üzdən komandanın əksər oyunçuları kimi, Djilobodji də özünə yeni klub tapmaq məcburiyyətində qalıb. “Kasımpaşa” Papini bu mövsümün sonuna kimi icarəyə götürüb. Onun “Qaziantep”lə müqaviləsi isə 2024-cü ilin 30 iyununa qədərdir.

Papi Djilobodji 2019-cu ilin iyul ayından “Qaziantep”də forma geyinir. Təcrübəli mərkəz müdafiəçisi bu komandanın heyətində 129 oyuna çıxıb, 15 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Seneqallı oyunçu “Dijon”, “Sanderlend”, “Verder”, “Genqam” və “Çelsi” kimi klubların da formasını geyinib. O, Seneqal milli komandasında da 17 oyuna çıxıb.

Xatırladaq ki, bu, son günlərdə “Qaziantep”dən “Kasımpaşa”ya üçüncü belə transferdir. İstanbul təmsilçisi sözügedən klubdan qapıçı Günay Güvenç ilə yarımmüdafiəçi Mustafa Eskihellaçı da bu mövsümün sonuna kimi icarəyə götürdüyünü açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: