Bolqarıstanın paytaxtı Sofiyada qadınlar və kişilər arasında təşkil olunmuş boks üzrə “Strandja” beynəlxalq turnirinə yekun vurulub. Arena.az xəbər verir ki. Azərbaycan millisi 40-a qədər ölkədən 398 idmançının (256 kişi, 142 qadın) qatıldığı yarışda 2 medal qazanıb.
Yığma üzvlərindən Aynur Rzayeva (+81 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, finalda Aqata Kajmarskaya (Polşa) məğlub olduğundan gümüş medalla kifayətlənib.
Digər boksçumuz Məhəmməd Abdullayev (+92 kq) isə turniri 3-cü pillədə başa vurub.
Xatırladaq ki, fevralın 20-də start götürən və 7 gün davam edən ənənəvi A kateqoriyalı yarışda Azərbaycan milli komandası 8 boksçu ilə təmsil olunub. Kişi boksçuların mübarizəsində məşqçi Etibar Abdullayevin rəhbərliyi altında rinqə yığmanın 2 üzvü çıxıb. “Strandja”da Malik Həsənov (63,5) və Məhəmməd Abdullayev (+92 kq) gücünü yoxlayıb.
Qadın idmançıların yarışında isə baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev 6 boksçuya şans verib. Sofiyada ölkəmizi Günel Rəhimova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) təmsil ediblər.
Turnirin hakimləri sırasında isə Emil Qurbanəliyev də yer alıb.
Boks yığmamız bu gün Bakıya qayıdacaq.


