Reynildo Mandava 8 ay “Altetiko”ya kömək edə bilməyəcək

Futbol üzrə Mozambik milli komandasının və İspaniyanın “Atletiko” (Madrid) klubunun müdafiəçisi Reynildo Mandava uzun müddətə sıradan çıxıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 29 yaşlı futbolçu La Liqanın 23-cü turu çərçivəsində “Real”a qarşı keçirdikləri oyunda (1:1) ciddi zədə alıb. Ətraflı müayinələrdən sonra oyunçunun sağ dizindən aldığı zədənin çox ağır olduğu müəyyənləşib. Bu üzdən də o, fevralın 26-da əməliyyat olunub. Futbolçunun bərpa müddəti təxminən 7-8 ay davam edəcək. Bu isə onun ən yaxşı halda növbəti mövsümdən etibarən oynaya biləcəyi anlamına gəlir. Klub rəsmi açıqlamada müdafiəçisinə tezliklə sağalmağı arzu edib.

Reynildo Mandava 2022-ci ilin yanvar ayında Fransanın “Lill” komandasından 3 milyon avro qarşılığında Madrid “Atletiko”suna transfer olunub. O, bu mövsüm sözügedən komandanın heyətində 33 matça çıxıb. Mandavanın “Atletiko” karyerası bütövlükdə 54 oyundan ibarətdir.

Mozambik yığmasında 33 oyuna 2 qol vurmuş mərkəz müdafiəçisi karyerası ərzində “Lill”, “Belenenseş”, “Sportinq Kovilya”, “Fafe”, “Benfika” (B), “Maputo” kimi klublarda da forma geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: