Azərbaycan millisinin yarımmüdafiəçisi Mahir Emrelinin yenicə transfer olunduğu Türkiyənin “Konyaspor” klubu UEFA tərəfindən cəzalanıb. Arena.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.
UEFA bütövlükdə 11 klubu cəzalandırıb. Rumıniyanın “ÇFR Kluj”, Xorvatiyanın “Osiyek” və “Riyeka”, Yunanıstanın “Aris”, Qazaxıstanın “Kızıljar” və “Astana”, Bosniya və Herseqovinanın “Borats”, Maltanın “Floriana”, Latviyanın “Valmiera” və Sloveniyanın “Olimpiya” (Lyublyana) klubları da cəzaya məruz qalıb.
Buna sözügedən klubların maliyyə feyr-pleyi qaydalarına uyğun davranmaması, borclarını ödəməməsi kimi amillər səbəb göstərilib. Eyni durum davam edəcəyi təqdirdə adları çəkilən komandalar avrokuboklara buraxılmayacaqlar. Bundan başqa, “ÇFR Kluj” 250 min, “Osiyek”lə “Konyaspor” 150 min, “Olimpiya” (Lyublyana) 100 min, “Aris” və “Valmiera” 50, “Astana” 30, “Borats”, “Kızıljar”, “Floriana” 10 min avro cərimə də ödəyəcək.
Xatırladaq ki, Mahir Emreli ötən ay Xorvatiyanın “Dinamo” (Zaqreb) klubundan icarə əsasında “Konyaspor”a keçib. Lakin hələ o, yeni komandasında rəsmi debüt etməyib. Ötən gün yeni transferləri üçün təqdimat mərasimi keçirən Konya təmsilçisi sabah Super Liqanın 24-cü turu çərçivəsində “Girəsunspor”u qəbul edəcək. Mahir Emrelinin də meydana çıxması gözlənilən bu matça Bakı vaxtı ilə saat 17:00-da start veriləcək. “Konyaspor” bu mövsüm Super Liqada keçirdiyi 22 oyunda 27 xal toplayıb və 19 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb.



