Yüksək Liqa: Lider “Abşeron”a məğlub oldu

Bu gün voleybol üzrə Azərbaycan çempionatında (Yüksək Liqa, qadınlar) 11-ci turun oyunları keçirilib. Arena.az xəbər verir ki, turun hər iki oyunu Voleybol Mərkəzində təşkil olunub.

Əvvəlcə meydana “Abşeron” və “Azərreyl” komandaları çıxıblar. Qarşılaşma gözlənilənlərin əksinə “Abşeron”un üstünlüyü ilə başlayıb. Çempionatın liderini ilk iki hissədə məğlub edən komanda 2:0 hesabı ilə önə keçib. Bundan sonra “Azərreyl” təşəbbüsü ələ alıb və ümumi hesabı bərabərləşdirib. Cütün qalibinin adına isə tay-brekdə aydınlıq gəlib. Bu hissədə yenə güclü rəqibinə ciddi müqavimət göstərən “Abşeron” yekunda 3:2 (25:21, 26:24, 24:26, 16:25, 15:8) hesabı ilə qələbə qazanıb.

Turun ikinci matçı UNEC və “Murov” kollektivləri arasında olub. Bu oyunda sensasiya qeydə alınmayıb. Belə ki, “Murov” çətinlik çəkmədən quru hesablı (3:0) qələbə qazanıb.

Beləliklə, 11 turda sonra “Azərreyl” 26 xalla turnir cədvəlində liderliyini davam etdirir. Bugünkü qələbədən sonra xallarının sayını 20-yə çatdıran “Abşeron” 2-ci pilləyə yüksəlib. Eyni xala malik “Murov” set fərqinə görə 3-cü yerdədir. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

Yüksək Liqa
11-ci tur
10 mart

“Abşeron” – “Azərreyl” 3:2 (25:21, 26:24, 24:26, 16:25, 15:8)
UNEC – “Murov” 0:3 (15:25, 21:25, 20:25)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: