Azərbaycanın atıcılıq yığmasının liderlərindən olan Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, azərbaycanlı idmançı buna Avropa çempionatında ikinci yeri tutmaqla nail olub. O, Estoniyanın paytaxtı Tallində keçirilən qitə çempionatında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın gümüş medalını əldə edib. Bu uğur ona həm də növbəti Yay Olimpiya Oyunlarına lisenziya qazandırıb.
33 yaşlı Ruslan Lunyov buna qədər iki Olimpiadada iştirak edib. Belə ki, o, ilk dəfə 2016-cı ildə Rio de Janeyroda baş tutan 31-ci Yay Olimpiya Oyunlarında mübarizə aparıb. Atıcımız 2020-ci ildə Tokioda baş tutan 32-ci Yay Olimpiya Oyunlarının da iştirakçısı olub.
Xatırladaq ki, Paris Olimpiadası 2024-cü ilin 26 iyul – 11 avqust tarixləri aralığında keçiriləcək.


