Futbol üzrə Almaniya Bundesliqasında mübarizə aparan “Frayburq” klubu baş məşqçisi Kristian Ştrayx ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Almaniyadan olan 57 yaşlı mütəxəssislə yeni müqavilənin müddəti açıqlanmayıb. Onunla yanaşı, köməkçiləri Patrik Bayer, Florian Bruns və Yulian Şuster də yeni müqaviləyə imza atıblar.
Futbolçu karyerası dönəmində də “Frayburq”da oynamış Kristian Ştrayx məşqçiliyə məhz bu klubda başlayıb. O, 1995-2011-ci illər aralığında bu klubun U-19 komandasını çalışdırıb. 2007-ci ildən əsas komandada da köməkçi-məşqçi kimi fəaliyyət göstərən Ştrayx, 2011-ci ildə Bundesliqa təmsilçisinin baş məşqçisi təyin olunub. Həmin vaxtdan bəri o, bu komandanı 430 rəsmi matça çıxarıb. Hansı ki, “Frayburq” bu görüşlərdə 172 qələbə qazanıb, 112 heç-heçə edib və 146 məğlubiyyətə üzülüb.


