FİFA 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi dünya çempionatının (DÇ-2026) formatı ilə bağlı qərarını açıqlayıb. Arena.az xəbər verir ki, daha öncə ali futbol qurumu bu dünya çempionatının iştirakçısı olacaq 48 kollektivin 16 qrupda 3 komanda olmaq şərtilə mübarizə aparacağını bildirmişdi.
Lakin FİFA-nın İcraiyyə Komitəsinin cümə axşamı Ruandadakı iclasında bu qərara yenidən baxılıb. Yekun qərara əsasən, növbəti mundialda komandalar hərəsində 4 iştirakçı olmaqla 12 qrupa bölünəcəklər. İlk iki yerin sahibləri birbaşa növbəti mərhələyə yüksələcəklər. Həmçininq qrupunda üçüncü yeri tutanlar arasında ən yaxşı göstəricilərə malik daha 8 komanda 1/16 finala adlayacaq.
Nəticədə DÇ-2026-da 104 (!) oyun keçiriləcək! Turnir isə 39 gün davam edəcək.
Xatırladaq ki, DÇ-2026 ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə 16 müxtəlif şəhərdə keçiriləcək. Mundialın final qarşılaşmasının 2026-cı ilin 19 iyulunda təşkil olunması planlaşdırılır.


