Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında (Yüksək Liqa) keçirilən 12-ci turun oyunları ilə əsas mərhələyə yekun vurulub. Arena.az xəbər verir ki, əsas mərhələnin sonuncu turunun oyunları da Voleybol Mərkəzində təşkil olunub.
12-ci turun ilk qarşılaşması MOİK və “Neftçi” komandaları arasında olub. Matçın qalibi tay-brekdə müəyyənləşib. “Neftçi” əsas mərhələdəki son matçında 3:2 hesabı ilə qələbə qazanıb.
Turun son oyununda isə “Xarı bülbül” və “Murov” kollektivləri üz-üzə gəliblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən matçın qalibi Şuşa komandası olub. 3:1 hesabı ilə “Murov”a qalib gələn “Xarı bülbül” əsas mərhələni qələbə ilə başa vurub.
Beləliklə, əsas mərhələnin son turundan sonra turnir cədvəlində 32 xalla “Murov” birinci, 23 xala malik “Xarı bülbül” ikinci, 15 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 2 xalla sonuncu olub.
Dörd dövrənin nəticələrinə görə, yarımfinal mərhələsində turnir cədvəlində birinci olan “Murov” dördüncü yerin sahibi MOİK-lə, ikinci olan “Xarı bülbül” isə üçüncü yeri tutan “Neftçi” komandası ilə qarşılaşacaq. Yarımfinal mərhələsi iki qələbəyə, final mərhələsi isə üç qələbəyə kimi oynanılacaq.
Oyunların keçiriləcəyi tarix və məkan haqqında əlavə məlumat veriləcək.
Xatırladaq ki, qadın voleybolçular arasında keçirilən Yüksək Liqada da əsas mərhələyə ötən gün yekun vurulmuşdu.
Yüksək Liqa
12-ci tur
15 mart
MOİK – “Neftçi” 2:3 (16:25, 25:14, 25:21, 22:25, 11:15)
“Xarı bülbül” – “Murov” 3:1 (25:20, 21:25, 27:25, 25:23)


