Futbol üzrə İtaliya çempionatının (A Seriyası) vahid lideri olan “Napoli” UEFA Çempionlar Liqasında (ÇL) tarixi ilkə imza atıb. Arena.az xəbər verir ki, 1/8 final mərhələsi çərçivəsində ötən gecə Almaniyanın “Leypsiq” komandasına cavab matçında da qalib gələn Nepaol təmsilçisi tarixində ilk dəfə ÇL-in 1/4 final mərhələsinə vəsiqə qazanıb.
İtaliya çempionatının lideri Almaniyada 2:0 hesabıyla qalib gəldiyi rəqibini doğma meydanda da 3:0 üstələyib. Nəticədə bu komanda tarixinin ən yaxşı nəticəsinə imza atıb. Buna qədər sözügedən klubun ÇL-dəki ən yaxşı nəticəsi elə 1/8 finalda oynamaq olmuşdu.
“Napoli”nin bu uğuru İtaliya üçün də əlamətdar olub. Belə ki, sözügedən ölkə 17 ildən sonra ilk dəfə Çempionlar Liqasının 1/4 finalında 3 klubla təmsil olunacaq. Daha öncə “Milan” və “İnter” də bu mərhələyə vəsiqə qazanmışdı. İtaliya sonuncu dəfə 2005/06 mövsümündə ÇL-in 1/4 finalında 3 klubla təmsil olunmuşdu. Həmin vaxt “Milan”, “Yuventus” və “İnter” belə uğura imza atmışdı. Amma onların heç biri finala qədər irəliləyə bilməmişdi. Bu dəfə necə olacağını isə zaman göstərəcək.
Xatırladaq ki, bazırda bu yarışda mübarizəni davam etdirən digər 5 klubdan ikisi İngiltərəni (“Mançester Siti” və “Çelsi”) təmsil edir. Hərəyə bir nümayəndəsi olan İspaniya (“Real”), Almaniya (“Bayern”) və Portuqaliya (“Benfika”) da 1/4 finalda təmsil olunacaq.
UEFA Çempionlar Liqasında 1/4 final, yarımfinal və finalın püşkatma mərasimi martın 17-də UEFA-nın Nyondakı mənzil-qərargahında baş tutacaq.


