Basketbol üzrə Azərbaycan kubokunda ilk yarımfinalçılar bəllidir

Bu gün basketbol üzrə Azərbaycan kubokunda 2022/23 mövsümünün qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, oyunların hamısı “Sərhədçi” İdman Mərkəzində baş tutub.

A qrupunda “Sabah” “Sərhədçi” ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən oyunun sonunda “Sabah” 97:92 hesablı qələbəyə sevinib. Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Fuad Niftəliyev olub – 26 xal, 7 asist. “Sərhədçi”də isə Maykl Diqqins fərqlənib – 25 xal, 13 ribaund.

Qrupun digər oyununda “Gəncə” “AAAF Xırdalan”la münasibətlərinə aydınlıq gətirib. Gəncə təmsilçisi ilk turda olduğu kimi, bu dəfə də meydanı qələbə ilə tərk edib – 91:65. “Gəncə”nin heyətində Kollin Törner 27 xal, 7 ribaundla ən məhsuldar basketbolçu olub. “AAAF Xırdalan”da isə Deymon Makdouel ön plana çıxıb – 30 xal, 6 ribaund.

B qrupunda NTD ilə “Neftçi” İK arasında görüş gərginliyi ilə yadda qalıb. Yekunda NTD basketbolçuları 108:89 hesablı qələbəyə seviniblər. Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Kinton Kempbel olub – 15 xal, 3 ribaund. “Neftçi”də isə Yuri Kondrakov 21 xal, 5 asistlə özündən söz etdirib.

Bu qrupun digər oyunu “Olimpik Şəki” ilə “Zirvə Astara” arasında olub. Astara təmsilçisi yekunda 94:69 hesabıyla qalib gəlib. Bu komandanın heyətində ən məhsuldar basketbolçu Ruşard Kruikşenk olub – 32 xal, 5 ribaund. “Olimpik Şəki”də isə Larri Robinson ön planda olub – 25 xal, 7 ribaund.

Qrup mərhələsində iki turdan sonra vəziyyət belədir:

A qrupu

  1. Gəncə (2-0) 4 xal
  2. AAAF Xırdalan (1-1) 3 xal
  3. Sabah (1-1) 3 xal
  4. Sərhədçi (0-2) 2 xal

B qrupu

  1. NTD (2-0) 4 xal
  2. Neftçi (1-1) 3 xal
  3. Zirvə Astara (1-1) 3 xal
  4. Olimpik Şəki (0-2) 2 xal

İki turdan sonra qrup lideri olan “Gəncə” və NTD basketbolçuları kubokun yarımfinalına vəsiqəni təmin ediblər. Basketbol üzrə Azərbaycan kubokunda qrup mərhələsinə sabah keçiriləcək son turun oyunları ilə yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: