Elçin Əsədov Alanyada 9-cu, Əli Qurbanov 33-cü oldu

Velosiped idmanı üzrə Azərbaycan milli komandasının kapitanı Elçin Əsədov martın 26-da növbəti beynəlxalq turnirdə qüvvəsini sınayıb. Arena.az xəbər verir ki, o, Türkiyənin “Sakarya BB Pro Team” velosiped klubunun tərkibində Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 1.2 kateqoriyalı “Syedra Ancient City” yarışında mübarizə aparıb.

Yarış martın 26-da Alanyada keçirilib. 11 komandanın tərkibində 61 velosipedçinin iştirak etdiyi birgünlük yarışda idmançılar şose velosipedinin qrup ötüşməsi növü üzrə güclərini sınayıblar. Alanyadan start götürən idmançılar 149 km məsafə qət edərək Syedrada finişə çatıblar.

Elçin Əsədov yarışda əzmlə mübarizə apararaq finiş xəttini 9-cu sırada keçib. O, yarışın liderindən 4 dəqiqə 4 saniyə geri qalıb (03:46:15). İdmançımız bu nəticə ilə aktivinə 3 UCI xalı yazdırıb.

“Sakarya BB Pro Team” klubunun tərkibində yarışan Azərbaycan milli komandasının digər üzvü Əli Qurbanov isə 33-cü yerdə qərarlaşıb.

Xatırladaq ki, veloturun qalibi yunanıstanlı velosipedçi Polixronis Tzortzakis olub – 03:42:11.

Xəbəri sosial şəbəkələrdə paylaş: