Antuan Qrizmann La Liqada mart ayının ən yaxşısı seçildi

Madrid “Atletiko”sunun Fransadan olan hücumçusu Antuan Qrizmann İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu elan edilib. Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.

Qrizmannın komandası martda keçirdiyi üç oyunun hamısından qalib ayrılıb. Antuan “Sevilya”ya 6:1 hesabıyla qalib gəldikləri matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Jirona” ilə səfər matçında (1:0) 90 dəqiqə meydanda olub. Fransız son olaraq “Valensiya” ilə ev oyunundakı darmadağında (3:0) 1 qolla pah sahibi olub.

Bir sözlə, o, bu ay çempionatda meydana çıxdığı 3 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib. Cari mövsümdə onun aktivində ümumilikdə 9 qol və eyni sayda assist var.

Qrizmann martın ən yaxşısı olmaq üçün Enes Ünal (“Xetafe”), Rafinya (“Barselona”), Yaqo Aspas (“Selta”), Samu Çukvueze (“Vilyarreal”), Borxa İqlesias (“Betis”) və David Silva (“Real Sosyedad”) kimi futbolçularla rəqabətdən qalib ayrılıb.

“Atletiko” La Liqada 26 turdan sonra 51 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Qrizmann karyerası ərzində 7-ci dəfə La Liqada ayın ən yaxşı futbolçusu elan edilir. O, daha öncə 2015-ci ilin yanvar və aprel, 2016-cı ilin sentyabr, 2017-ci ilin mart, 2018-ci ilin fevral və dekabr aylarının da ən yaxşı oyunçusu olub. Futbolçu bunların hamısına “Atletiko”nun heyətində nail olub.

La Liqada Qrizmanndan daha çox yalnız bir futbolçu ayın ən yaxşısı seçilib. Bu, 10 dəfə oxşar uğura imza atmış Lionel Messidir. Lakin “Barselona”nın keçmiş ulduzu hazırda Fransanın PSJ klubunda forma geyinir.

Antuan Qrizmann 2021-ci ilin avqustundan “Atletiko”da forma geyinir. O, 2014-2019-cu illər aralığında da Madrid təmsilçisinin uğurları üçün çalışır. 32 yaşlı futbolçu bu komandada bütövlükdə 329 oyuna 151 qol vurub və 68 məhsuldar ötürmə müəllifi olub.

Fransa yığmasının üzvü “Real Sosyedad” (202 oyun, 52 qol və 18 məhsuldar ötürmə) və “Barselona”da (102 oyun, 35 qol və 17 məhsuldar ötürmə) da çıxış edib. Təcrübəli oyunçu Fransa milli komandasında da 118 oyun keçirib, 43 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: