Futbol üzrə İngiltərə Premyer Liqasında mübarizə aparan “Çelsi” komandasının baş məşqçsi Qrem Potter istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Ötən yaydan bəri transferlərə 550 milyon funt-sterlinqdən çox pul xərcləyən “zadəganlar” həddən artıq uğursuz mövsüm keçirir. Tomas Tuxelin əvəzində baş məşqçi postuna gətirilən Potter, komandanı heç cür uğura daşıya bilmədi. Son olaraq “Aston Villa”ya doğma meydandakı 0:2 hesablı məğlubiyyət “zadəganlar”ı baş məşqçi postunda növbəti dəyişikliyə vadar edib. 47 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb. Komandanı müvəqqəti olaraq Bruno Saltorun çalışdıracağı diqqətə çatdırılıb. “Zadəganlar” mövsümün sonuna kimi köməkçi-məşqçiyə güvənmək fikrindədir. Saltor qarşıdakı 10 Premyer Liqa matçında iş başında olacaq. Londonlular həmçinin Çempionlar Liqasında 1/4 finala yüksəlib. Madrid “Real”ı (İspaniya) ilə oyunlarda da komandaya Bruno Saltor rəhbərlik edəcək. Yayda isə komandaya yeni baş məşqçi təyin olunacaq. Rəhbərlik həmin vaxta kimi düzgün bir seçim etməyə çalışacaq.
Xatırladaq ki, Qrem Potter 2022-ci ilin 8 sentyabrından “Çelsi”yə rəhbərlik edirdi. O, “zadəganlar”ı bütövlükdə 31 matça çıxarıb. Komanda bu görüşlərdə 12 qələbə qazanıb, 11 məğlubiyyətə üzülüb və 8 heç-heçə ilə kifayətlənib.
Daha öncə “Östersünd” və “Suonsi Siti”yə də rəhbərlik etmiş Potter, “Çelsi”yə gələnə qədər – 2019-cu ildən “Brayton”u çalışdırırdı. London klubu Tuxeli istefaya göndərərkən Potteri komandaya gətirmək üçün “Brayton”a təxminən 20 milyon funt-sterlinq təzminat ödəmişdi. İndi “zadəganlar” bu mütəxəssisi qovmaq üçün də bir o qədər təzminat ödəməli olacaq – 22 milyon funt-sterlinq. Əslində hələ 5 illik müqaviləsi olan Qrem Potterlə köməkçilərinin tam təzminat məbləği 50 milyon funt-sterlinqdən çox tuturdu. Lakin tərəflər ortaq məxrəcə gələrək bunu yarıya endirməyə razılaşıblar.
“Çelsi” bu mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 29 oyunda 10 qələbə qazanıb, 8 heç-heçə edib və 10 məğlubiyyətə üzülüb. Komanda 38 xalla 20 iştirakçı arasında 11-ci pillədə qərarlaşıb.


