Aleksandr Mitroviç 8 matçlıq cəza aldı – Hakimi itələdiyinə görə

İngiltərə Premyer Liqasında mübarizə aparan “Fulhem” komandasının hücumçusu Aleksandr Mitroviç sərt cəza ilə üzləşib. Arena.az xəbər verir ki, serbiyalı forvard İngiltərə Futbol Federasiyası tərəfindən 8 oyunluq cəzalandırılıb.

Buna onun İngiltərə Kubokunun 1/4 finalında “Mançester Yunayted”ə qarşı oyundakı davranışları səbəb olub. Belə ki, Mitroviç 1:3 hesabıyla uduzduqları həmin matçda baş hakim Kris Kavananı sərt şəkildə itələyib. Bu azmış kimi o, referi ilə mübahisəyə də girişib. Kavana onun bu davranışlarını birbaşa qırmızı vərəqə ilə “mükafatlandırıb”. Federasiyanın Nizam-İntizam Komitəsi isə onun 8 oyunluq cəzalandırılmasına qərar verib. Futbolçu diskvalifikasiyadan əlavə 75 min funt-sterlinq məbləğində cərimə də ödəməli olacaq.

Xatırladaq ki, Aleksandr Mitroviç bu mövsüm “Fulhem”in heyətində meydana çıxdığı 25 oyunda 12 qola imza atıb. 28 yaşlı hücumçu 2018-ci ilin yayından bu klubun uğurları üçün çalışır. O, indiyə qədər sözügedən komandanın heyətində 202 matça çıxıb, 108 qol vurub və 22 məhsuldar ötürmə müəllifi olub.

Serbiyalı futbolçu daha öncə “Teleoptik”, “Partizan”, “Anderlext”, “Nyukasl” kimi klubların da formasını geyinib. O, Serbiya milli komandasında keçirdiyi 81 oyunda da 52 qolla yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: