Voleybol üzrə həm qadınlar, həm də kişilər arasında keçirilən Azərbaycan çempionatlarında növbəti final oyunlarının vaxtları bəlli olub. Arena.az xəbər verir ki, aprelin 13-də kişi voleybolçuların Yüksək Liqasında ikinci bürünc medal və final matçları baş tutacaq.
Çempionluq üçün yarışan “Xarı bülbül” və “Murov” komandaları saat 16:00-da üz-üzə gələcəklər. Üçüncülük uğrunda mübarizə aparan “Neftçi” və MOİK klubları isə iki saat sonra meydana çıxacaqlar. Birincilərin ilk qarşılaşmasında “Murov” 3:1, ikincilərdə isə “Neftçi” 3:0 hesabı ilə qələbə qazanaraq üstünlük əldə ediblər.
Qadın voleybolçuların növbəti üçüncülük uğrunda və final matçları aprelin 14-də keçiriləcək. İlk olaraq “Abşeron” və “Azərreyl” çempionluq yolunda yarışacaqlar. Görüş saat 15:00-da start götürəcək. Ardınca isə bürünc mükafatçını müəyyənləşdirməyə çalışan UNEC və “Murov” kollektivləri meydana çıxacaqlar. Bu komandaların ilk qarşılaşmaları bu gün baş tutacaq.
Bütün oyunlar Azərbaycan Voleybol Mərkəzində təşkil olunacaq.
Xatırladaq ki, Yüksək Liqaların reqlamentinə əsasən, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranacağı təqdirdə dördüncü və beşinci qarşılaşmalar da təşkil olunacaq.
Yüksək Liqa (kişilər)
Final və bürünc medal uğrunda ikinci oyunlar
13 aprel
16:00. “Murov” – “Xarı bülbül”
18:00. MOİK – “Neftçi”
Yüksək Liqa (qadınlar)
Final və bürünc medal uğrunda ikinci oyunlar
14 aprel
15:00. “Abşeron” – “Azərreyl”
17:00. UNEC – “Murov”


