Ağır atletika üzrə Azərbaycan millisi Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatında iştirakdan imtina edib. Arena.az xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsi ilə Gənclər və İdman Nazirliyinin birgə yaydığı bəyanatda məlumat verilib.
Bəyanatda bunlar qeyd olunub: “Aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılıb.
Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə belə bir barbarlıq əməlinin törədilməsi və bunun Ermənistan ictimaiyyəti tərəfindən alqışlanması, həmin əməli törədən şəxsin qəhrəman kimi qələmə verilməsi bu ölkədə etnik nifrətin, rasizmin, ksenofobiyanın, Azərbaycanofobiyanın bariz nümunəsidir. Bu, həm də xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd və prinsipləri ilə tam ziddiyyət təşkil edir. İdmanın siyasiləşdirilməsi qətiyyən yolverilməzdir.
Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.
Biz beynəlxalq ictimaiyyəti, beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə çağırırıq. Biz həm də Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırırıq.
Hesab edirik ki, baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”.
Xatırladaq ki, İrəvandakı Avropa çempionatına bu gün start veriləcək. Azərbaycan millisi qitə birinciliyinə dörd idmançı ilə qatılmışdı. Birinci gündə yığmamızın bir idmançısı mübarizəyə qoşulacaqdı. İlk olaraq körpücük üzərinə Nazilə İsmayılova çıxmalı və 49 kq çəki dərəcəsində mübarizə aparmalı idi.
Kişilərin yarışında İsa Rüstəmov (67 kq) aprelin 17-də, Ömər Cavadov (73 kq) 18-də, Əli Şükürlü (102 kq) isə 22-də yarışacaqdı.


