Bu gün “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 26-cı turunun daha iki oyunu baş tutub. Arena.az xəbər verir ki, günün ilk oyununda çempionatın liderləri – “Sabah” və NTD komandaları üz-üzə gəliblər.
Son dəqiqəyə qədər davam edən mübarizənin sonunda “Sabah” basketbolçuları 75:70 hesablı qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsinə yüksəliblər.
Qalib komandanın heyətində ən məhsuldar basketbolçu Entoni Patti olub – 17 xal, 12 ribaund. NTD-də isə Londel Kinq fərqlənib – 23 xal, 10 ribaund.
Günün ikinci oyunu isə “AAAF Xırdalan” və “Sərhədçi” basketbolçuları arasında keçirilib. Bu önəmli oyunda 96:89 hesablı qələbə qazanan “AAAF Xırdalan” pley-off mərhələsinə vəsiqəni təmin edib.
“AAAF Xırdalan”ın ən məhsuldar basketbolçusu Devin Pullum olub – 27 xal, 3 ribaund. “Sərhədçi”nin heyətində isə Trevor Blekmon daha məhsuldar oyun nümayiş etdirib – 27 xal, 9 ribaund.
Beləliklə, bu nəticələrdən sonra ölkə çempionatında pley-off mərhələsinə vəsiqəni təmin edən bütün komandaların siyahısı müəyyənləşib. Bunlar “Sabah”, NTD, “Gəncə” və “AAAF Xırdalan” kollektivləridir.
Xatırladaq ki, 26-cı turun ilk oyununda “Neftçi” və “Gəncə” komandaları üz-üzə gəliblər və gəncəlilər 87:86 hesablı qələbəyə seviniblər. Tura sabah keçiriləcək “Zirvə Astara” – “Olimpik Şəki” oyunu ilə yekun vurulacaq.
Hazırda Azərbaycan Basketbol Liqasında turnir cədvəlindəki vəziyyət belədir:
1. Sabah (26 oyun, 19 qələbə, 7 məğlubiyyət) – 45 xal
2. NTD (26 oyun, 19 qələbə, 7 məğlubiyyət) – 45 xal
3. Gəncə (26 oyun, 18 qələbə, 8 məğlubiyyət) – 44 xal
4. AAAF Xırdalan (26 oyun, 17 qələbə, 9 məğlubiyyət) – 43 xal
5. Sərhədçi (26 oyun, 14 qələbə, 12 məğlubiyyət) – 40 xal
6. Neftçi İK (26 oyun, 9 qələbə, 17 məğlubiyyət) – 35 xal
7. Zirvə (25 oyun, 5 qələbə, 20 məğlubiyyət) – 32 xal
8. Olimpik (25 oyun, 2 qələbə, 23 məğlubiyyət) – 27 xal


