Azərbaycan kubokunun 4-cü mərhələsinin qalibləri bəlli oldu

Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə şose velosipedi üzrə Azərbaycan kubokunun dördüncü mərhələsi keçirilib. Arena.az xəbər verir ki, aprelin 15-16-da keçirilən yarış AVF ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı sayəsində baş tutub.

İsmayıllı rayonunda (İsmayıllı – Qaraməryəm – İvanovka yolu) baş tutan yarışın ilk günündə idmançılar qrup ötüşməsi üzrə yarışıblar İkinci yarış günündə isə onlar fərdi ötüşmə növündə güclərini sınayıblar.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda ümumilikdə 51 velosipedçi medallar uğrunda mübarizə aparıb.

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar qrup ötüşməsində 100 km, fərdi ötüşmə növündə 25 km məsafə qət ediblər. Yeniyetmə oğlanlar və qadınlar isə qrup ötüşməsində 50 km, fərdi ötüşmə növündə 10 km məsafəyə mübarizə aparıblar.

Yarışın ilk günündə (qrup ötüşməsi) Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Musa Mikayılzadə (MSN, 02:41:12) hamını qabaqlayıb. Yeniyetmə oğlanların mübarizəsində isə Ravi Rzayev (ROEQİUGVM, 01:38:07) fərqlənib. Qadınlar arasında da Lalə Əbdürəhmanova (ROEQİUGVM, 01:45:52) bütün rəqiblərini geridə qoyaraq birinci yerdə qərarlaşıb.

İkinci yarış günündə isə (fərdi ötüşmə) Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında yenidən Musa Mikayılzadə (MSN, 37:32:48) çempion olub. Yeniyetmə oğlanların mübarizəsində Artyom Proskuryakov (Təhsil RİM, 16:15:33), qadınlar arasında isə Viktoriya Sidorenko (ROEQİUGVM, 17:12:23) qızıl medal qazanıblar.

Yarışdan sonra Azərbaycan kubokunun mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: