Avropa çempionatı: Hacı Əliyevdən 4-cü çempionluq!

Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunmuş böyüklər arasında güləş üzrə Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, ilk yarış günündə mübarizəyə qoşulan Azərbaycan güləşçiləri bu gün medallar uğrunda həlledici görüşlərinə çıxıblar.

Əli Rəhimzadə (65 kq) ötən gün 1/8 finalda albaniyalı İslam Dudayevi mübarizədən kənarlaşdırıb – 5:2. Ancaq 1/4 finalda ermənistanlı Vazgen Tevanyana uduzub – 1:4. Rəqib finala yüksəldiyi üçün Rəhimzadə təsəlliverici görüşə çıxıb. Bu gün israilli Coşua Finesilverə 7:0 hesabıyla qalib gələn Əli bürünc medal uğrunda qarşılaşmada ukraynalı Erik Aruşanyana minimal fərqlə (6:7) uduzub.

Səbuhi Əmiraslanov (79 kq) 1/8 finalda İman Mahdavini (UWW) 3:0 hesabıyla üstələyib. Həmyerlimiz 1/4 finalda gürcüstanlı Vladimeri Qamkrelidzeyə heç bir şans tanımayıb – 10:0. Avropa çempionatının debütantı yarımfinalda ukraynalı Vasili Mixaylovla güləşib. 1/4 final görüşündə dizindən aldığı zədə Mixaylovla istədiyi kimi güləşməyə imkan verməyib və 2:5 hesabıyla uduzub. Səbuhinin zədəsi bürünc medal uğrunda serbiyalı Hetik Çabolovla görüşə çıxmağa imkan vermədiyi üçün 5-ci yerlə kifayətlənib.

Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda italiyalı Benjamin Honisi vaxtından əvvəl məğlub edib – 12:1. Təmsilçimiz 1/4 finalda isveçrəli Samuel Şerrə də eyni aqibəti yaşadıb – 11:0. Maqomedov yarımfinalda ötən il Avropa çempionatının finalında məğlub etdiyi Vladislav Baytsayevlə (Macarıstan) qarşılaşıb. Növbəti dəfə bu rəqibinə inamla (6:0) qalib gələn Maqomedov yenidən qitə birinciliyinin finalına vəsiqə qazanıb. Maqomedxan titul uğrunda bu gün gürcüstanlı Givi Matçaraşviliylə güləşib. Gərgin mübarizə şəraitində keçən görüşdə minimal fərqlə (3:4) uduzan Maqomedov gümüş medal əldə edib.

Hacı Əliyevdən 4-cü Avropa çempionluğu!

Yarışa 1/4 finaldan qoşulan Əliabbas Rzazadə (57 kq) almaniyalı Horst Lerə “tuş”la qalib gəlib. Pəhləvanımız yarımfinalda italiyalı Simyone Piroddu ilə qarşılaşıb. Gərgin keçən görüşdə 12:8 hesablı qələbə əldə edən Rzazadə finala yüksəlib. Əliabbas bu gün həlledici görüşdə türkiyəli Süleyman Atlıyla üz-üzə gəlib. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən güləşçimiz tam üstünlüklə (12:2) qalib gələrək Avropa çempionu olub.

Hacı Əliyev (70 kq) təsnifat mərhələsində italiyalı Canluka Talamoya tam üstünlüklə qalib gəlib – 12:1. Titullu güləşçimiz 1/4 finalda almaniyalı Kevin Henkelə gücünü göstərib – 4:0. Millinin kapitanı yarımfinalda moldovalı Vasile Diakonu 4:1 hesabıyla məğlub edərək 5-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Əliyev bu gün həlledici görüşdə bolqarıstanlı Ramazan Ramazanova da gücünü göstərib. Rəqibinə 10:3 hesabıyla qalib gələn Hacı 4 qat Avropa çempionu olub.

Xatırladaq ki, ötən gün start götürmüş Avropa çempionatı aprelin 23-də başa çatacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: