Xorvatiyanın paytaxtı Zaqreb şəhərində böyüklər arasında təşkil olunmuş güləş üzrə Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, ikinci yarış günündə daha 5 çəkidə sərbəst güləşçilər mübarizəyə qoşulmuşdu. Üçüncü yarış günündə həmin çəki dərəcələrində medal görüşləri baş tutub.
Cəbrayıl Qadjiyev (74 kq) təsnifat mərhələsində avstriyalı Simon Markl üzərində inamlı qələbə qazanmışdı – 6:1. Yığma üzvü 1/8 finalda olimpiya mükafatçısı, dəfələrlə dünya və Avropa çempionu olmuş Frank Çamizoya (İtaliya) məğlub olmuşdu – 4:9. Rəqib finala yüksəldiyi üçün Qadjiyev bu gün təsəlliverici görüşdə türkiyəli Soner Demirtaşla qarşılaşıb. O, təcrübəli rəqibinə minimal fərqlə (4:5) uduzub və medal şansını əldən verib.
Abubakr Abakarov (86 kq) 1/8 finalda türkiyəli Fatih Erdinə qalib gəlmişdi – 7:5. Amma Abakarov 1/4 finalda Avropa çempionu Dauren Kuruqlievə (Yunanıstan) məğlub olmuşdu – 0:9. Rəqib finala yüksəldiyi üçün Abakarov bu gün təsəlliverici görüşə çıxıb və latviyalı İvars Samusonoksdan güclü olub – 8:0. Abubakr bürünc medal uğrunda görüşdə slovakiyalı Boris Makoyevə də 7:4 hesabıyla qalib gələrək Avropa 3-cüsü olub.
Osman Nurmaqomedov (92 kq) mübarizəyə 1/4 finaldan qoşulmuş və israilli Filip Finesilverə tam üstünlüklə qalib gəlmişdi – 10:0. Nurmaqomedov yarımfinalda slovakiyalı Ermak Kardanov üzərində də inamlı qələbə (6:0) qazanaraq adını finala yazdırmışdı. Osman bu gün həlledici görüşdə türkiyəli Feyzullah Aktürklə gərgin keçən görüşdən 2:5 hesabıyla məğlub ayrılıb və Avropa çempionatını gümüş medalla başa vurub.
Georgi Meşvildişvili (125 kq) ilk mərhələdə almaniyalı Gennadi Kudinoviçi “tuş”la üstələmişdi. Təmsilçimiz 1/4 finalda türkiyəli olimpiya, dünya və Avropa çempionu Taha Akgüllə bacarmamışdı – 1:3. Titullu rəqib finaladək irəliləyib. Bu üzdən Meşvildişvili bürünc medal uğrunda bu gün italiyalı Abraham Konyedo ilə güləşib. 7:4 hesablı qələbəyə sevinən yığmamızın üzvü Avropa üçüncüsü olub.
Xatırladaq ki, Avropa çempionatı aprelin 17-də start götürüb. Azərbaycan yığmasında daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə etmişdi.


