Sərbəst güləş üzrə Azərbaycan millisi Xorvatiyanın paytaxtı Zaqrebdəki qitə birinciliyində rəqiblərini qabaqlayaraq Avropa çempionu olub. Arena.az xəbər verir ki, Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə bu gün yekun vurulub.
Azərbaycan millisi qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, bütövlükdə 6 medal qazanıb. Bu nəticələrlə komandamız 150 xal toplayaraq Avropa çempionu olub. Gürcüstan (137) ikinci, Türkiyə (115) isə üçüncü yeri tutub.
Bu, sərbəst güləş üzrə Azərbaycan yığmasının ardıcıl 2-ci, ümumilikdə isə 4-cü Avropa çempionluğu olub.
Komandamız medalların əyarına görə də bütün ölkələri qabaqlayıb. Millimiz həm də bu göstəricidə özünün son 4 ildə ən yaxşı nəticəsinə imza atıb.
Xatırladaq ki, milli üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olublar. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş medalla kifayətlənməli olublar. Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıblar.


