Azərbaycan yığması Daşkənddəki DÇ-yə tam heyətlə yollanır

Kişilərdən ibarət boks üzrə Azərbaycan yığması Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək dünya çempionatına tam heyətlə qatılacaq. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytı məlumat yayıb.

Belə ki, mayın 1-də Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı start götürəcək. 14 gün davam edəcək mundialda Azərbaycan yığması tam heyətlə mübarizə aparacaq.

Məşqçilər korpusu dünya çempionatında 13 boksçuya şans verəcəklər. Onların siyahısı belədir:

Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq), Məhəmməd Abdullayevə (+92 kq)

Yığmamız Daşkəndə aprelin 28-də yollanacaq. Komandaya Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edəcək. Milli komanda mayın 15-də Bakıya qayıdacaq.

Qeyd edək ki, 5.2 milyon ABŞ dolları mükafat fondu olan yarışın püşkü aprelin 30-da atılacaq. Mundialda 100-dən çox ölkədən 700-ə qədər boksçusunun iştirakı gözlənilir. Dünya çempionu tituluna yiyələnəcək boksçular 200 min dollar gəlir əldə edəcəklər. İkinci yerin sahibləri 100 min, bürünc medal qazananlar isə 50 min dollarla mükafatlandırılacaq. Ümid edək ki, mundialın yekununda belə uğurlara imza atanlar arasında Azərbaycan boksçuları da olacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: