İngiltərə Premyer Liqasının 28-ci turundan təxirə salınmış “Vest Hem”lə oyun “Mançester Siti”nin hücumçusu Erlinq Haland üçün əlamətdar olub. Arena.az xəbər verir ki, norveçli forvard komandasının 3:0 hesablı qələbəsinə vurduğu bir qolla töhfə verib.
Bununla da o, bu mövsüm İngiltərə Premyer Liqasında vurduğu qolların sayını 35-ə çatdırıb və mütləq tekordçuya çevrilib. Buna qədərki rekord 34 qolla Endi Koul və Alan Şirerə məxsus idi. Koul 1993/1994, Şirer isə 1994/1995 mövsümündə rəqib qapılarına 34 top vurmuşdu. Lakin bunlar 42 turdan ibarət mövsümlərdə gerçəkləşib. Həm də sözügedən mövsümlər 22 komandanın iştirakı ilə keçirilib. Bir sözlə, Haland heç kimin nail olmadığı bir uğura imza atıb. “Mançester Siti”ni qarşıda daha beş oyun gözlədiyini nəzərə alsaq, Erlinqin hələ bu rekordunu daha da əlçatmaz etmək şansı da var.
Xatırladaq ki, Haland “Mançester Siti”yə bu mövsümün əvvəlində – 2022-ci ilin yayında Almaniyanın “Borussiya” (Dortmund) klubundan 60 milyon avro qarşılığında keçib. O, bu komandanın heyətində bütün turnirlər çərçivəsində meydana çıxdığı 45 oyunda 51 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. Ulduz futbolçunun digər klublardakı statistikası isə belədir: “Borussiya” (89 oyun, 86 qol, 23 assist), “Molde” (50 oyun, 20 qol, 6 assist), “Zalsburq” (27 oyun, 29 qol, 7 assist), “Bryune” (16 oyun). Haland Norveç yığmasında da meydana çıxdığı 23 oyunda 21 qol vurub.
“Vest Hem”lə oyun “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün də əlamətdar olub. Fil Fodenin vurduğu 3-cü top ispan çalışdırıcının “şəhərlilr”in baş məşqçi postunda sevindiyi 1000-ci qol kimi tarixə düşüb. 404 matça buna nail olan mütəxəssisin yetirmələri bu müddətdə cəmi 331 top buraxıb.
Qeyd edək ki, “Vest Hem” üzərində qələbədən sonra Xosep Qvardiolanın yetirmələri 33 oyuna topladıqları 79 xalla zirvəyə yüksəliblər. “Arsenal” 34 oyundan sonra 78 xalla ikinci yerdə qərarlaşıbsa, ilk 3-lüyü 33 matçda 65 xal toplayan “Nyukasl” qapayır.


