Dünya çempionatı: Turalla Məhəmməd 1/8 finalda!

Özbəkistanın paytaxtı Daşkənd şəhərində kişi boksçular arasında təşkil olunmuş dünya çempionatı (DÇ) davam edir. Arena.az xəbər verir ki, mundialın 4-cü günündə Azərbaycan millisinin daha 2 idmançısı mübarizəyə qoşulub.

Yığmamızın üzvü Tural Sarıyev (48 kq) dünya çempionatında debüt görüşünü Al-Jaleel Jokhuya (Trinidad və Tobaqo) qarşı keçirib. O, rəqibini 4:1 (28:29, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.

Tural Sarıyev növbəti qarşılaşmasında tailandlı Vuttiçai Yuraçaini sınağa çəkəcək. Döyüş mayın 8-nə təsadüf edəcək.

Dünya çempionatının mükafatçısı Məhəmməd Abdullayev (+92 kq) startda Ernandes Kruzla (Meksika) üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 5:0 (30:27, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanıb və 1/8 finala yüksəlib.

Məhəmməd Abdullayev ikinci döyüşündə tanzaniyalı Aleks Sulva ilə üz-üzə gələcək. Görüş mayın 7-də baş tutacaq.

Xatırladaq ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatı mayın 14-də başa çatacaq. Final döyüşləri son iki günə təsadüf edəcək. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcəklər. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaqlar.

Azərbaycan yığması mundiala tam heyətlə yollanıb. Məşqçilər korpusu dünya çempionatında Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: