Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Arena.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü 1/16 finalda Ali Habibinejadla (İran) döyüşüb.
Görüş İsgəndərovun qələbəsi ilə yekunlaşıb. Gəncə boks məktəbinin yetirməsi rəqibini 4:1 (27:30, 29:28, 29:29, 30:26, 29:28) hesabı ilə məğlub edib.
Nəbi İsgəndərov 1/8 finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Döyüş mayın 9-da olacaq.
Xatırladaq ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatı mayın 14-də başa çatacaq. Final döyüşləri son iki günə təsadüf edəcək. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcəklər. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaqlar.
Azərbaycan yığması mundiala tam heyətlə yollanıb. Məşqçilər korpusu dünya çempionatında Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verib.


