Dünya çempionatı: İki boksçumuz mərhələ adladı, ikisi uduzdu

Özbəkistanın paytaxtı Daşkənd şəhərində kişi boksçular arasında təşkil olunmuş dünya çempionatı (DÇ) davam edir. Arena.az xəbər verir ki, mundialın 7-ci günündə Azərbaycan millisinin 4 idmançısı gücünü yoxlayıb.

51 kq çəkidə Məsud Yusifzadə (51 kq) 1/16 final mərhələsi çərçivəsində Maykl Trindadla (Braziliya) üz-üzə gəlib. Döyüş boksçumuzun 5:2 (2:0 əlavə hakimlər) hesablı qələbəsi ilə başa çatıb.

Yusifzadə 1/8 finalda Patrik Çinyemba (Zambiya) ilə döyüşəcək. Qarşılaşma mayın 9-da olacaq.

Məhəmməd Abdullayev (+92 kq) də mundialda növbəti qələbəsini qazanıb. O, 1/8 finalda əlcəzairli Murad Kadini mübarizədən kənarlaşdırıb – 4:1 (29:28, 28:29, 30:27, 29:28, 29:28).

Dünya çempionatının mükafatçısı üçüncü görüşündə gürcüstanlı Nikolos Beqadze ilə münasibətinə aydınlıq gətirəcək. Görüş mayın 10-na təsadüf edəcək.

Ümid Rüstəmov üçüncü döyüşündə Xavyer İbanes Diasla (Bolqarıstan) mübarizə aparıb. Qələbə qazanan rəqib 1/4 finala yüksəlib.

Mirşərif Kazımzadə (75 kq) isə ikinci qarşılaşmasında Salvatore Kavalyaro (İtaliya) ilə qüvvəsini sınayıb və 1/8 finala rəqib vəsiqə qazanıb.

Yarışın 8-ci günündə Tural Sarıyev (48 kq) Vuttiçai Yuraçaini (Tailand), Nicat Hüseynov (54 kq) Po-Hao Hsunu (Tayvan), Tayfur Əliyev (60 kq) Vsevolod Şumkovu (Rusiya) və Alfonso Dominqes (86 kq) Bill Makallisteri (Avstraliya) sınağa çəkəcək.

Xatırladaq ki, 5,2 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatı mayın 14-də başa çatacaq. Final döyüşləri son iki günə təsadüf edəcək. Mundialda qızıl medal qazanacaq boksçular 200 min dollar gəlir əldə edəcəklər. İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min dollarla mükafatlandırılacaqlar.

Azərbaycan yığması mundiala tam heyətlə yollanıb. Məşqçilər korpusu dünya çempionatında Tural Sarıyev (48 kq), Məsud Yusifzadə (51 kq), Nicat Hüseynov (54 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (86 kq), Eldar Quliyev (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: