Cud Bellingem “Real”da! – Rəsmən açıqlandı

Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Cud Bellingem karyerasını Madrid “Real”ında (İspaniya) davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.

Madridlilər İngiltərə millisinin üzvü üçün “Borussiya”ya 103 milyon avro təzminat ödəyəcəklər. Oyunçunun yeni komandasında illik məvacibi isə təqribən 10-12 milyon avro təşkil edəcək. 19 yaşlı futbolçu “Kral klubu” ilə 6 illik müqavilə imzalayacaq.

Transferin tam rəsmiləşməsi üçün Bellingemin yalnız tibbi müayinədən uğurla keçməsi qalıb. Müayinə yaxın günlərdə həyata keçiriləcək.

Bellingem geridə qalmış mövsümdə “Borussiya”nın heyətində 42 oyuna çıxıb, 14 qol və 7 məhsuldar ötürmə ilə fərqlənib. Dortmundlular isə Bundesliqanın “gümüş”ü ilə kifayətləniblər.

Xatırladaq ki, Cud Bellingem Dortmund “Borussiya”sına 2020-ci ilin iyul ayında İngiltərənin “Birmingem” klubundan 30 milyon avro qarşılığında transfer olunub. Gənc yarımmüdafiəçi Almaniya klubunda bütövlükdə 132 oyuna çıxıb. O, görüşlərdə 24 qol vurub, 25 məhsuldar ötürmə ilə yadda qalıb.

İngilis futbolçunun “Birmingem” karyerası isə 44 oyun, 4 qol və 2 asistdən ibarətdir. Bellingem İngiltərə yığma komandasında da 24 oyuna çıxıb və 1 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: