“Pendikspor” komandası 2023/2024 mövsümündən etibarən Türkiyə Super Liqasında mübarizə aparmaq hüququ qazanıb.
Arena.az xəbər verir ki, sözügedən kollektiv buna pley-off mərhələsinin qalibi adını qazanmaqla nail olub.
Daha öncə TFF 1-ci Liqada çempion olmuş “Samsunspor” (78 xal) və ikinci yeri tutmuş “Rizəspor” (68 xal) Super Liqaya birbaşa vəsiqə qazanmışdı.
Sonuncu – üçüncü vəsiqə uğrunda isə pley-off oyunları keçirilib. Əvvəlcə 4-cü yeri tutmuş “Bodrumspor” 7-ci olmuş “Göztəpə” ilə qarşılaşıb və 3:1 hesabıyla qalib gələrək növbəti mərhələyə yüksəlib. 5-ci olmuş “Sakaryaspor” isə 6-cı yeri tutmuş “Eyüpspor”la oyundan 0:1 hesablı məğlubiyyətlə ayrılıb. Nəticədə finala vəsiqə uğrunda “Bodrumspor” və “Eyüpspor” komandaları arasında yarımfinal görüşləri baş tutub. Ev-səfər prinsipi ilə baş tutan yarımfinal mücadiləsində “Bodrumspor” 2:1 hesabıyla üstün olub və finala yüksəlib. Mövsümün əsas hissəsini 3-cü yerdə başa vurmuş “Pendikspor” isə birbaşa finalda oynamaq hüququ qazanmışdı. Bu gecə baş tutan həlledici oyun Pendik təmsilçisinin qələbəsiylə yekunlaşıb – 2:1. Beləcə, sözügedən komanda tarixində ilk dəfə Super Liqada oynamaq hüququ əldə edib.
Xatırladaq ki, 1950-ci ildə yaradılmış bu klub indiyə qədər Türkiyənin yüksək liqasında mübarizə aparmamışdı.


