Martin Edeqor – “Arsenal”ın ən yaxşı futbolçusu!

Norveç millisinin yarımmüdafiəçisi Martin Edeqor İngiltərənin “Arsenal” klubunda 2022/2023 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Arena.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

24 yaşlı mərkəz yarımmüdafiəçisi azarkeşlər arasındakı səsvermədə 55 faizlə qalib olub. Bukayo Saka ikinci, Qabriel Martinelli isə üçüncü yerə layiq görülüb.

Martin Edeqor 2022/2023 mövsümündə “Arsenal”ın heyətində bütövlükdə 45 oyuna çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə edib. Bukayo Saka 48 oyunda 15 qol və 11 assistlə yadda qalıb. Qabriel Martinellidə isə bu göstərici belədir – 46 oyun, 15 qol, 6 assist.

“Arsenal” geridə qalan mövsümdə İngiltərə Premyer Liqasının gümüş medallarını qazanıb.

Edeqor 2021-ci ilin yanvarından “Arsenal”ın uğurları üçün çalışır. London klubu onun transferi üçün Madrid “Real”ına 35 milyon avro ödəyib. Yarımmüdafiəçi “topçular”ın heyətində 105 oyuna çıxıb, 24 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Norveçli futbolçu daha öncə “Stromsqodset”, “Real”, “Herenven”, “Vitess”, “Real Sosyedad” kimi klublarda da forma geyinib. O, Norveç milli komandasında da 49 matça çıxıb, 2 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: