Bu ay Almaniyada təşkil olunacaq Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycan gimnastika tarixində bir ilk gerçəkləşəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, iyunun 17-dən 25-nə qədər Almaniyanın Berlin şəhərində 190 ölkədən 7000 xüsusi olimpiyaçının iştirakı ilə 26 idman növü üzrə Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları keçiriləcək.
Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında ölkəmizi bədii gimnast Mehriban Tağıyeva təmsil edəcək.
İdmançımız ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent) və çoxnövçülük proqramında bacarığını nümayiş etdirəcək.
İyunun 10-da Milli Gimnastika Arenasında idmançımızın yarışqabağı yoxlama məşqi keçirilib. Media nümayəndələri üçün açıq olan məşqdə gimnast yarış proqramını nümayiş etdirib.
Xatırladaq ki, ölkəmizdə 2017-ci ildən etibarən gimnastika üzrə Xüsusi olimpiya proqramı tədris olunur. Ötən ilin oktyabr ayında Azərbaycan Gimnastika Federasiyası tərəfindən ölkəmizə dəvət olunmuş yunanıstanlı mütəxəssis Sofiya Bura Xüsusi Olimpiya üzrə məşqçilik və hakimlik kursları keçib.



