“Hatayspor” 7 futbolçu ilə vidalaşdı

Fevral ayındakı dəhşətli zəlzələdən sonra Türkiyə Super Liqasındakı çıxışını dayandıran “Hatayspor” klubu 7 futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Kevin Varqa, Kaan Kanak, Məhəmməd Mert, Onur Ergün, Ayub Əl-Kaabi, Dilan Sen-Lui və Kevin Soni ilə müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib. Klub onların hər birinə xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Onur Ergün. 25 yaş. Yarımmüdafiəçi. Türkiyəli futbolçu 2021-ci ildən oynadığı bu komandada 46 matça çıxıb, 2 qol vurub.

Məhəmməd Mert. 28 yaş. Yarımmüdafiəçi. Belçika vətəndaşlığı da olan türkiyəli futbolçu 2021-ci ilin yanvarından oynadığı bu komandada 38 matça çıxıb, 1 assistlə yadda qalıb.

Kaan Kanak. 32 yaş. Sol cinah müdafiəçisi. Türkiyəli futbolçu ötən ilin iyul ayında qoşulduğu Hatay təmsilçisində cəmi 16 oyuna çıxıb, 1 qol vurub.

Kevin Varqa. 27 yaş. Sol cinah vingeri. Macarıstandan olan futbolçu 2022-ci ilin avqustundan qoşulduğu bu komandada 12 oyun keçirib, 1 assistlə yadda qalıb.

Ayub Əl-Kaabi. 29 yaş. Hücumçu. Mərakeşli futbolçu 2021-ci ilin avqustunda cəlb olunduğu Hatay klubunda 55 oyuna 26 qol vurub, 4 assist edib.

Dilan Sen-Lui. 28 yaş. Yarımmüdafiəçi. Konqolu vinger 2021-ci ilin iyulunda transfer olunduğu Türkiyə klubunda 47 oyuna çıxıb, 5 qol vurub, 6 assist edib.

Kevin Soni. 25 yaş. Hücumçu. Kamerunlu forvard 2022-ci ilin sentyabrında cəlb olunduğu bu komandada cəmi 3 matç keçirib və 1 assist edib.

Xatırladaq ki, “Hatayspor” geridə qalan mövsümün yarısını oynamamasına və Super Liqanı 19 iştirakçı arasında sonuncu pillədə başa vurmasına baxmayaraq, gələn mövsümdən yenə elitada çıxış edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: