Rayan Kent rəsmən “Fənərbaxça”da!

Şotlandiyanın “Reyncers” klubunun sol cinah vingeri Rayan Kent Türkiyə Super Liqasında mübarizə aparan “Fənərbaxça”ya transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İngiltərədən olan 26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Kent, Super Liqa təmsilçisinə azad agent kimi qoşulub. Çünki futbolçunun Şotlandiya klubu ilə müqaviləsinin müddəti bu ayın sonunda başa çatır.

Xatırladaq ki, Rayan Kent “Liverpul”un yetirməsidir. O, daha öncə “Koventri Siti”, “Barnsli”, “Frayburq”, “Bristol Siti” kimi klublarda çıxış edib. Yarımmüdafiəçi 2018-ci ilin iyul ayından “Reyncers”də çıxış edirdi. O, bu komandanın heyətində 218 matça çıxıb, 33 qol və 56 məhsuldar ötürmə müəllifi olub. Rayan İngiltərənin U-18 və U-20 yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.

Yunanıstandan olan Dimitrios Pelkasın isə “Fənərbaxça”dan ayrıldığı üzə çıxıb. Onun klubla müqaviləsinin müddəti bu ayın sonunda başa çatır. Klub rəhbərliyi 29 yaşlı futbolçunu saxlamamağa qərar verib.

Pelkas 2020-ci ilin oktyabrından “Fənərbaxça”da çıxış edirdi. O, İstanbul təmsilçisində 67 oyuna çıxıb, 13 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. İstanbul təmsilçisi 2022-ci ilin sentyabrında onu İngiltərənin “Hall Siti” klubuna icarəyə vermişdi. Yunanıstan yığmasında 30 oyuna 2 qol vurmuş Pelkas PAOK, “Apollon” (Kalamarayas) və “Vitoriya” (Setubal) klublarının da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: