Albaniyanın paytaxtı Tiranada 17 yaşadək güləşçilər (U-17) arasında təşkil olunmuş Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, bu gün qitə birinciliyində ilk qaliblər müəyyənləşib.
Ötən gün yarışın startında 48, 55, 65, 80 və 110 kq-da yer alan yunan-Roma güləşçiləri mübarizəyə start vermişdilər.
Mübarizəyə 1/4 finaldan qoşulan Elnar Ziyadov (48 kq) ermənistanlı Liparit Mkrtçyana 6:1 hesabıyla qalib gələrək yarımfinala yüksəlmişdi. Ziyadov finalın bir addımlığında gürcüstanlı Yuri Çapidzeyə uduzmuşdu – 4:6. Elnar bu gün bürünc medal uğrunda moldovalı Viktor Postika ilə güləşib və 7:2 hesablı qələbə qazanıb.
Ayxan Cavadov (55 kq) israilli David Şevçenko və albaniyalı Mikel Tropliniyə 9:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Erekle Tavberidze ilə bacarmamışdı – 1:9. Rəqib finala yüksəldiyi üçün Cavadov təsəlliverici görüşdə iştirak hüququ qazanmışdı. Ayxan bu gün italiyalı Qabriele Puçerə tam üstünlüklə qalib gəlib – 8:0. Həmyerlimiz həlledici qarşılaşmada ermənistanlı Yuri Karapetyanı da 5:2 hesabıyla üstələyərək bürünc medala sahib çıxıb.
Elmin Əliyev (80 kq) estoniyalı Markus Uhtyaerv (9:0), almaniyalı Anton Buxolz (3:1) və türkiyəli Emir Dayal (8:0) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırmışdı. Həmyerlimiz finalın bir addımlığında macarıstanlı İştvan Şinaya uduzmuşdu – 0:9. Əliyev bu gün gürcüstanlı Georgi Maxaradzeyə 6:2 hesabıyla qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Mahir Qurbanlı (110 kq) debütdə polşalı Yakub Liseki (5:2) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda rusiyalı Yevgeni Repkinə 1:4 hesabıyla uduzmuşdu. Rəqib finala yüksəldiyi üçün Qurbanlı bu gün təsəlliverici görüşdə slovakiyalı Andreas Kernlə üz-üzə gəlib və 4:2 hesablı qələbəyə sevinib. Mahir finlandiyalı Tomas Rusini sonuncu xal prinsipinə (1:1) əsasən məğlub edərək komandamıza 4-cü bürünc medalı qazandırıb.
Xatırladaq ki, Avropa çempionatı iyunun 18-də yekunlaşacaq.


