“Beşiktaş” və “Fənərbaxça”nın sabiq yarımmüdafiəçisi Tolqay Arslan İtaliyanın “Udineze” klubundan ayrılıb.
Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi ilə müqaviləsinin müddəti bitən 32 yaşlı futbolçu azad agent statusu alıb.
O, bundan sonrakı karyerasını Avstraliyada davam etdirəcək. Belə ki, təcrübəli yarımmüdafiəçi bu ölkənin “Melburn Siti” klubu ilə anlaşıb. Bu barədə sözügedən klub rəsmi saytı vasitəsi ilə məlumat yayıb. Tolqayla 2 illik müqavilə imzalandığı açıqlanıb.
Xatırladaq ki, Tolqay Arslan 2020-ci ilin sentyabrından “Udineze”də forma geyinirdi. Türk əsilli almaniyalı futbolçu A Seriyası təmsilçisində 101 oyun keçirib, 5 qol və 2 assistlə yadda qalıb. O, daha öncə “Beşiktaş”, “Fənərbaxça”, “Hamburq”, “Alemmaniya”, kimi klubların da formasını geyinib. Tolqay həm Türkiyənin, həm də Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında forma geyindiyi halda, əsas millidə debüt şansı qazanmayıb.



