“Qalatasaray”a məxsus olan, geridə qalan mövsümü “Nant”da icarədə keçirən Mustafa Məhəmməd Türkiyə klubuna qayıtmayacaq.
Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisi onun transfer hüquqlarını da alıb.
Bu barədə sözügedən klubların mətbuat xidmətləri məlumat yayıb. Belə ki, Fransa klubu “Qalatasaray”a 5,75 milyon avro ödəməklə misirli hücumçunun transfer hüquqlarına sahiblənib. 25 yaşlı forvard Liqa 1 təmsilçisi ilə 4 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə imzalayıb.
Mustafa Məhəmməd 2022-ci ilin iyul ayında icarə əsasında “Nant”a qoşulmuşdu. O, Liqa 1 təmsilçisində 51 oyuna çıxıb, 11 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Misir yığmasının üzvü 2021-ci ilin fevralından 2022-ci ilin yayına kimi formasını geyindiyi “Qalatasaray”da da 58 matça çıxıb, 17 qol və 5 assist müəllifi olub. “Zamalek”, “Tanta”, “Tala Əl-Qaiş”, “Əl-Daxliya” kimi klublarda da oynamış Mustafa, Misir millisində 25 oyuna 6 qol vurub.
Okan Koçuk və Xuan Mata getdi, Dris Mertens daha bir il qalır
Yeri gəlmişkən, “Qalatarasay” qapıçısı Okan Koçuk və yarımmüdafiəçisi Xuan Mata ilə yollarını ayırmağa qərar verib. Hər iki futbolçunun bu ayın sonunda bitən müqavilələrinin müddəti artırılmayıb. Klub hələlik onlarla bağlı rəsmi vida açıqlaması yaymasa da, hər iki oyunçunun komandada qalmayacağı dəqiqdir.
Okan Koçuk 2019-cu ildən formasını geyindiyi “Qalatasaray”da 29 oyun keçirib, 38 qol buraxıb. 27 yaşlı qolkiper “İstanbulspor”, “Girəsunspor”, “Bursaspor” və “Bandırmaspor” kimi klublarda da forma geyinib, Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.
Xuan Mata isə 2022-ci ilin yayında azad agent kimi “Qalatasaray”la müqavilə bağlamışdı. 35 yaşlı ispan İstanbul təmsilçisində 18 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə edib, bu komanda ilə Türkiyə çempionu olub.
Mata Madrid “Real”ının yetirməsidir. O, bu klubun əvəzedici komandasında oynasa da, əsas komandada forma geyinməyib. 2007-ci ildə “Valensiya”ya keçən yarımmüdafiəçi 2011-ci ildə İngiltərə Premyer Liqası komandalarından “Çelsi”yə, 2014-cü ildə isə “Mançester Yunayted”ə transfer edilib. O, İspaniya yığmasında da 41 oyun keçirib, 11 qol vurub.
Matadan fərqli, 2022-ci ilin yayında komandaya cəlb olunmuş digər legioner futbolçu – Dris Mertens daha bir il “Qalatasaray”da qalacaq. İstanbul təmsilçisi artıq bu qərarını Türkiyə Futbol Federasiyasına bildirib.
Belçikalı ulduz futbolçu geridə qalan mövsümdə 33 oyuna çıxıb, 7 qol və 4 assist edib, Türkiyə çempionu olub. Daha öncə “Napoli”, AQOVV, PSV və “Utrext” kimi klublarda da oynamış 36 yaşlı hücumçu Belçika millisində də 109 matça çıxıb, 21 qol vurub.


