Albaniyanın paytaxtı Tiranada 17 yaşadək güləşçilər (U-17) arasında təşkil olunmuş Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, üçüncü yarış günündə qızlardan ibarət millimizin 2 üzvü xalça üzərinə çıxmışdı.
Mübarizəyə 1/4 finaldan qoşulan Səadət Quliyeva (43 kq) sonuncu xal prinsipinə əsasən (3:3) isveçli Maya Yohanssona məğlub olmuş və mübarizəni erkən dayandırmışdı.
Ruzanna Məmmədova (57 kq) isə qitə birinciliyinə inamlı start vermişdi. Həmyerlimiz əvvəlcə ispaniyalı Rosa Rodrigesi, daha sonra isə türkiyəli Aslı Köleni “tuş”la üstələyib. Məmmədova yarımfinalda polşalı Suzanna Horbikə 5:1 hesabıyla qalib gələrək 2-ci dəfə Avropa çempionatının finalına yüksəlmışdi.
Ruzanna bu gün həlledici görüşdə macarıstanlı Sofi Ritterlə qarşılaşıb. Azərbaycan güləşçisi bu rəqibinə 2:5 hesabıyla uduzub və gümüş medalla kifayətlənib.
Bu gün mübarizəyə qoşulan Esra Məmmədli (46 kq), Gülər Həbibova (53 kq) və Günay Qurbanova (61 kq) isə mübarizəni erkən dayandırıblar.
Avropa çempionatı iyunun 18-də yekunlaşacaq.


