Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, 52 kq çəki dərəcəsində çıxış edən idmançımız həlledici dueldə Belçika təmsilçisi Rayheul Amberi məğlub edib.
Xatırladaq ki, Gültac Məmmədəliyeva yarımfinalda Quffrida Otette (İtaliya) ilə dueldən məğlub olaraq finala çıxa bilməyib. O, buna qədər Ariane Toro Soler (İspaniya) və Kseniya Daniloviç (neytral fərdi idmançı) ilə duellərdən qalib ayrılmışdı.
Bu gün 66 kq-dakı Kəramət Hüseynov da bürünc medal qazana bilərdi. Lakin o, eyni raundda ispaniyalı Albert Martinə uduzaraq beşinci yerlə kifayətlənib.
İlk yarış güünündə mübarizəyə qoşulmuş digər 6 cüdoçumuz isə medal şanslarını əvvəlki mərhələlərdə itiriblər. Söhbət Kənan İsmayılov, Nazir Talıbov (hər ikisi 60 kq), Kamran Süleymanov (66 kq), Ramilə Əliyeva, Leyla Əliyeva (hər ikisi 48 kq) və Aydan Vəliyevadan (52 kq) gedir.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 18-nə qədər davam edəcək “Böyük Dəbilqə” turnirinə 17 cüdoçu ilə yollanıb.



